Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ərəb baharı” ərəblərə 900 milyard dollar ziyan vurub  

Müharibədən zərər görmüş ölkələrin yenidən qurulması üçünsə bir o qədər vəsait lazım gələcək

“Ərəb baharı”nın davam etdiyi 8 il ərzində müharibə və terror ölkələrə 900 milyard dollar ziyan vurub. Bu barədə Dünya Bankının direktor müavini Mahmud Muhyiddin Küveytin rəsmi dövlət agentliyinə müsahibəsində məlumat verib.

O deyib ki. 2010-2018-ci illərdə davam edən və bütövlükdə Tunis, Misir, Yəmən, Bəhreyn, Liviya və Suriyada baş verən üsyan və vətəndaş müharibələri ümumilikdə 900 milyard dollar ziyanla birlikdə adı çəkilən ərəb ölkələrində inkişaf imkanlarını da məhv edib. Bu mənada o hesablanan zərərin minimum qiymətləri təşkil etdiyini deyib.

Muhyiddinin dediyinə görə, 2011-ci ildən sonra “ərəb baharı”nın xüsusən də Suriya, Liviya və Yəməndə silahlı toqquşmalara çevrilməsi, xüsusən də Suriyaİraqda İŞİD-in ortaya çıxması ilə baş verən münaqişələr bu ölkələrin iqtisadiyyatı və infrastrukturunu məhv edib.

Dünya Bankının baş direktor müavini xatırladıb ki, hazırda dünyada gəlirlərin ən ədalətsiz bölündüyü bölgə ərəb dünyasıdır. Məsələn, hazırda ərəb ölkələrində ümummilli gəlirin 60 faizi əhalinin 10 faizini təşkil edən varlıların əlində cəmləşib. Avropada isə analoji göstərici 45 faizdir.

Qeyd edək ki, “ərəb baharı” adlanan inqilablar dalğası Şimali Afrika ölkəsi Tunisdə başlayıb. 2010-cu il dekabrın 18-də Tunisin Sidi Buzid şəhərində küçədə əl arabası ilə satıcılıq edən universitet təhsilli Məhəmməd Buəzizi (1984-cü il təvəllüdlü - K.R.) bələdiyyə məmurlarının arabasını müsadirə etməsinə və işsizliyə etiraz edərək özünü yandırıb. Bu hadisə Tunisdə etirazlara səbəb olub. İki həftə sonra - yanvarın əvvəlində Buəzizi xəstəxanada ölsə də, etirazlar səngiməyib və Tunisdə başlayan kütləvi aksiyalar 2011-ci il yanvarın 14-də 23 il ölkəni fasiləsiz idarə edən Zeynəlabidin bin Əlinin ölkəni tərk edərək Səudiyyə Ərəbistanına qaçması ilə nəticələnib.

Ancaq etirazlar dalğası Tunislə yekunlaşmayıb. Tezliklə “ərəb baharı” çox sürətlə digər ölkələrə də yayılıb. İnqilab dalğası başladığı ilk ildə 4 diktatorun - Zeynəlabidin bin Əli (Tunis), Hüsnü Mübarək (Misir), Müəmmar Qəzzafi (Liviya) və Əli Abdullah Salehin (Yəmən) hakimiyyətinin devrilməsi ilə nəticələndi. Bundan başqa müxtəlif çapda etirazlar Mərakeş, Əlcəzair, Sudan, Bəhreyn, Küveyt, İordaniya kimi ölkələrdə də baş verdi.

Lakin “ərəb baharı” ilə başlayan terror və vətəndaş müharibələri hələ də Suriya, Yəmən, Liviya, İraq kimi ölkələrdə hələ də davam edir. Ən böyük dağıntı və ya başqa deyimlə “ərəb baharı”nın ən qanlı səhifəsi Suriyada oldu. Yeri gəlmişkən, bu gün Suriyada iğtişaşların başlamasının 8 ili tamam olur.

2011-ci il martın 15-də ölkənin cənubunda Dəra şəhərində bir neçə məktəblinin divarlara hökumət əleyhinə şüar yazması ilə başlayan etirazlar tezliklə ölkəyə yayılıb. 2011-ci ilin yayında artıq Suriyada ilk güllələr atılmağa başlayıb. Suriya ordusundan qaçan və Qərb ölkələri tərəfindən dəstəklənən qüvvələr polkovnik Riyad Əsədin rəhbərliyi altında “Azad Suriya Ordusu” yaradılıb. Ancaq tezliklə Suriyada hökumətə qarşı savaşan radikal silahlı dini qruplar fəallaşıb və ölkənin əsas hissəsinə onlar nəzarət ediblər. 2013-cü ildə isə İŞİD yaranıb və Suriyada vətəndaş müharibəsinin gedişatı dəyişib. 2014-cü ildə ABŞ-ın rəhbərliyi ilə 64 ölkədən ibarət anti-İŞİD koalisiyası yaradılıb. 2015-ci ildə isə Rusiya terrora qarşı mübarizə adı altında Suriyada hərbi əməliyyatlara qoşulub.

Suriya müharibəsində 400 minə yaxın insanın ölüb, on minlərlə insanın yaralanıb və şikəst qalıb, 5 milyondan artıq insan isə ölkə xaricində, bir o qədər və ya daha çox insan isə ölkə daxilində qaçqın düşdüyü bildirilir. 10 mindən çox uşaq, 10 minə yaxın qadın və ümumilikdə 90 min mülki insan Suriya savaşının qurbanlarıdır. Hazırda savaş davam etdiyi üçün qurbanların sayı da hər keçən gün artır.

2017-ci ildə keçirilən Dəməşq Beynəlxalq Sərgisi 43 dövlətin şirkətləri qatılıb. Sərgi 10 gün davam edib. Təbii ki, əsas üstünlük Rusiya, İran və Çin şirkətlərinə tanınacaq. Suriyada mobil rabitə şəbəkəsinin İran şirkətlərinə verildiyi bildirilir. Bundan başqa Dəməşq, Hələb və Hums vilayətində İran şirkətlərinin 30 min mənzil inşaatı layihəsini həyata keçirəcək.

Dünya Bankının rəqəmlərinə görə, müharibədən bu yana Suriyaya təxminən 220 milyard dollara yaxın maddi ziyan dəyib. BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Stefan de Mistura iki il əvvəl bildirib ki, ölkənin yenidən inşası üçün 350 milyard dollara ehtiyac var. Prezident Bəşər Əsəd isə ötən ilin aprelində rusiyalı deputatlarla görüş zamanı ölkənin yenidən bərpası üçün 400 milyard dollara yaxın vəsaitə ehtiyac olduğunu bildirib.

Məsələ ondadır ki, 7 ildən çox davam edən müharibədən sonra Suriyanın bir neçə şəhəri istisna olmaqla bütövlükdə infrastrukturu tamamilə dağılıb. Hama, Hums, Dəra, Deyr əz-Zor, Raqqa kimi şəhərlər bütövlükdə, Dəməşq, Hələb kimi şəhərlər isə qismən dağıdılıb. Suriyanın yenidən inşa olunması qeyd olunduğu kimi, 400 milyard dollar dəyərində böyük bir tikədir. Təbii ki, bu prosesdə xüsusi olaraq region ölkələri olan Türkiyə, İran, Rusiya, eləcə də Almaniya, Fransa və Çin kimi ölkələr yaxından iştirak etmək istəyir.

“Ərəb baharı” sonrası baş verən müharibələrdə ən çox ziyan çəkən ikinci dövlət İraq olub. 2003-cü ilin martında ABŞ tərəfindən işğal olunan İraq özünə gəlməmiş 2014-cü ildə bu dəfə ölkədə İŞİD təhlükəsi yaranıb. 2014-cü ilin iyununda İŞİD İraqın ikinci böyük şəhəri Mosulu ələ keçirib və bundan sonra İŞİD qüvvələri Bağdadın yaxınlığına qədər irəliləyib. 2017-ci ildə İraq ordusu beynəlxalq İŞİD əleyhinə koalisiyanın havadan dəstəyi ilə Mosul şəhərini və digər əraziləri İŞİD-dən geri alıb. Ancaq bu əməliyyatlar zamanı İraqın şimalında Mosul da daxil olmaqla iri şəhərlərin bir çoxu darmadağın edilib.

Ötən ilin fevralında Küveytdə İraqın yenidən bərpa olunmasına həsr edilmiş konfransda bəyan edilib ki, dağıdılmış şəhərlərin yenidən bərpası üçün 88,2 milyard dollara ehtiyac var. İraq Planlaşdırma Nazirliyinin təmsilçisi bu məbləğin 22 milyardının təcili, yaxın dövr üçün, yerdə qalan hissəsinin orta və uzaq dövrdə lazım olacaq.

Hal hazırda Yəmən və Liviyada isə qanlı döyüşlər davam edir. Bu ölkələrin müharibədən sonra yenidən qurulması üçün 100 milyarddan çox vəsait lazım olacaq. və təbii ki, bu müharibələrin gətirdiyi mənəvi dağıntının yerini isə doldurma heç zaman mümkün olmayacaq.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Lerikdə uçqun baş verən ərazi nəzarətə götürüldü

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Sürücülərin nəzərinə: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Ən çox oxunanalar